QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti C.D. Vens İranla müharibəni Respublikaçılar Partiyasının aralıq seçkilərdə uduzmasının səbəblərindən biri hesab edir. Onun sözlərinə görə, Prezident Donald Tramp da ötən axşam buna bənzər açıqlama verib.
Vens ölkənin gələcəyinə nikbin yanaşdığını bildirib. Məğlubiyyətə təsir edən digər amillər kimi isə inflyasiyanın yüksəlməsini və İsraillə münasibətləri göstərib.
Politoloq Zaur Məmmədovun fikrincə, demokratların qələbəsinin başlıca səbəblərindən biri əhalinin böyük hissəsinin İranla müharibəni dəstəkləməməsidir. O, müharibə fonunda neftin və ölkə daxilində məhsulların bahalaşmasını da respublikaçıların uğursuzluğuna təsir edən əsas məqamlar sırasında göstərib.
Məmmədovun sözlərinə görə, Vens və Trampın açıqlamaları müharibənin yaratdığı sosial məsələlərə diqqət çəkir. Onların müraciətləri İsrailə də ünvanlansa da, daha çox ABŞ ictimaiyyətinə yönəlib. Politoloq qeyd edib ki, müharibə baş verməsəydi, sosial problemlər ön plana çıxmaya və respublikaçılar aralıq seçkilərdə qalib gələ bilərdi.
Ekspert ABŞ-nin xarici siyasətini, Ukraynaya münasibətini, İranla bağlı mövqeyini və yeni müharibə ehtimalını da nəticəyə təsir edən amillər kimi dəyərləndirib. O bildirib ki, ABŞ-də prezidentin səlahiyyətləri digər hakimiyyət qolları ilə tarazlaşdırılır və qanunverici orqanda müxalif cinahın mövqeyinin güclü olması bu tarazlığın tərkib hissəsidir.
Məmmədovun qənaətinə görə, Tramp administrasiyasının qarşıdakı iki ay ərzində Ukrayna və İran məsələlərində addım atmaq imkanı var; bunun reallaşıb-reallaşmayacağı isə zamanla bəlli olacaq. Yanvardan etibarən vəziyyət dəyişə bilər.
Politoloq Vensin məğlubiyyətin səbəblərini açıqlamasını gələcək seçkilər üçün özünü sığortalamaq cəhdi saymır. O, Respublikaçılar Partiyasının Trampdan sonrakı namizədinin Vens, Rubio və ya başqa bir şəxs ola biləcəyini deyib. Bununla yanaşı, Avropaya münasibətdə və daxili siyasətdə Tramp kimi sərt mövqeyi olan şəxsin hakimiyyətə gəlmək ehtimalını aşağı qiymətləndirib.