QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, süni intellekt qlobal münaqişənin genişlənməsi baxımından 2028-2035-ci illəri nəzəri cəhətdən daha riskli dövr kimi qiymətləndirib. Bununla belə, təqdim edilən tarixlər elmi əsaslı proqnoz sayılmır və dünya müharibəsinin baş verəcəyini göstərmir.

Süni intellekt sistemindən aparıcı dövlətlər arasında genişmiqyaslı müharibə ehtimalını dəyərləndirmək istənilib. Cavabda yaxın bir-iki ildə qlobal müharibənin başlanmasının az ehtimallı olduğu, amma növbəti onillik ərzində böyük dövlətlər arasında birbaşa qarşıdurma riskinin arta biləcəyi bildirilib.

Sistemin fikrincə, mümkün təhlükəli ssenarilərə Rusiya ilə NATO arasında toqquşma, Tayvan məsələsinə görə ABŞ və Çin arasında münaqişə, eləcə də tədricən bir neçə böyük dövləti əhatə edə biləcək regional müharibə daxildir.

Şərti qiymətləndirmədə 2026-2027-ci illər qlobal müharibənin ən ehtimallı vaxtı kimi göstərilməyib. 2028-2035-ci illər isə ciddi münaqişənin daha geniş miqyas almasının nəzəri baxımdan mümkün olduğu dövr kimi qeyd olunub. Sistemin cavabında 2035-ci ildən sonrakı dövr barədə çoxsaylı naməlum amillərə görə qiymət verməyin praktik olaraq mümkün olmadığı vurğulanıb.

Konkret tarix soruşulduqda sistem 2030-cu il oktyabrın 1-ni göstərib, ancaq bunun təsadüfi seçim olduğunu və real proqnoz kimi qəbul edilməməli olduğunu dərhal açıqlayıb.

Cavabda beynəlxalq gərginliyin öz-özlüyündə dünya müharibəsini qaçılmaz etmədiyi də bildirilib. Süni intellekt təhlükənin mövcud olduğunu, lakin dövlətlərin qlobal müharibədən yayınmaq üçün əsaslı səbəblərə malik olduğunu qeyd edib. Verilən tarixlər statistik baxımdan etibarlı nəticə deyil, yalnız təxmini qiymətləndirmələrdir.

Qlobal eskalasiya ehtimalı siyasi bəyanatlarda da vaxtaşırı gündəmə gəlir. Donald Tramp daha əvvəl dünyanın “Üçüncü dünya müharibəsinin astanasında” olduğunu söyləyib, Britaniya rəsmiləri isə son vaxtlar Avropada artan təhlükəsizlik təhdidləri barədə xəbərdarlıq ediblər.