QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycanda sürücülər bəzi gündəlik vərdiş və ehtiyatsızlıqların inzibati cərimə, eləcə də cərimə balları ilə nəticələnə biləcəyini nəzərə almalıdırlar. Bu pozuntular tullantı atmaqdan yolayrıcında üstünlük qaydasına əməl etməməyə qədər müxtəlif halları əhatə edir.
Avtomobildən siqaret kötüyü, salfet və ya başqa tullantı atmaq ətraf mühitin çirklənməsinə və digər hərəkət iştirakçıları üçün təhlükəyə səbəb ola bilər. Belə hərəkətə görə 40 manat cərimə nəzərdə tutulur.
Duman, yağış və qar kimi görünüşün məhdudlaşdığı hallar yoxdursa, duman əleyhinə faralardan istifadə etmək olmaz. Aydın havada bu işıqları yandırmağa görə 30 manat cərimə tətbiq edilə bilər.
Yaşayış zonasında dayanan avtomobilin mühərrikini beş dəqiqədən artıq işlək saxlamaq da qadağandır. Qaydanın pozulması 30 manat cərimə ilə nəticələnə bilər.
Yağışdan sonra yolda yaranmış gölməçələrdən keçərkən piyadalara və başqa avtomobillərə su, palçıq sıçratmaq 40 manat cəriməyə səbəb ola bilər.
Avtobus zolaqlarının hamısının həftəsonu istifadəyə açıq olduğu fikri yanlışdır. Zolağın nişanında iş günlərini göstərən əlavə lövhə yoxdursa, o, həftənin hər günü qüvvədə sayılır. Zolağa qanunsuz daxil olmağın cəzası 100 manat və iki cərimə balıdır.
Sarı işıq qadağanedici siqnaldır. Keçidə yalnız o halda davam etmək mümkündür ki, kəskin əyləcləmə təhlükə yaratsın. Əks halda yolayrıcına sarı işıqda daxil olmaq 80 manat cərimə və üç cərimə balı ilə cəzalandırıla bilər.
Üstünlük nişanları olmayan, eyni əhəmiyyətli yolların kəsişməsində sürücü sağdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Bu qaydaya əməl edilməməsinə görə 80 manat cərimə və üç cərimə balı nəzərdə tutulur.
Avtomobildə ilk tibbi yardım çantası, işlək yanğınsöndürən balon və qəza dayanacağı nişanı olmalıdır. Bu ləvazimatlardan biri olmadıqda müfəttiş 50 manat cərimə tətbiq edə bilər.
Dövlət qeydiyyat nişanı çirkli olduğu və ya gecə nömrə işıqları işləmədiyi üçün 20 metr məsafədən oxunmursa, sürücü məsuliyyət daşıyır. Yola çıxmazdan əvvəl nömrənin təmiz və görünən olmasına nəzarət edilməlidir. Pozuntuya görə 40 manat cərimə tətbiq olunur.
Yolun quruluşu yalnız sağa və ya sola dönməyə imkan versə belə, manevrdən əvvəl dönmə göstəricisi yandırılmalıdır. Siqnal vermədən dönmək 40 manat cərimə ilə nəticələnə bilər.