QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, RWB-nin rəhbəri Tatyana Kim “Wildberries”in baş direktoru vəzifəsini tərk edib. Bu barədə “İzvestiya”nın əldə etdiyi sənədlərdə məlumat yer alıb.
Sənədlərdəki məlumata görə, Kim başqa şirkətlərə rəhbərlik etmir. Vahid Dövlət Hüquqi Şəxslər Reyestrinin məlumatlarında isə onun yerinə Aleksey Qulikovun “Wildberries”in baş direktoru təyin olunduğu göstərilir. Qulikov eyni zamanda “Diciko” reklam agentliyinə və “VB İnjinirinq” şirkətinə rəhbərlik edir.
Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında Avropa İttifaqının Tatyana Kimə qarşı sanksiya tətbiq etmək qərarı verdiyini bildirib.
“Wildberries” Rusiyanın ən iri marketpleysidir. Şirkət 2024-cü ilin iyununda xarici reklam operatoru “Russ” ilə birləşəcəyini açıqlayıb. Həmin ilin iyulunda tərəflər RWB adlı birgə müəssisə yaradıblar. Payların 65 faizi “Wildberries” MMC-yə, qalan 35 faizi isə “Russ” Şirkətlər Qrupunun sahibləri olan qardaşlar Levan və Robert Mirzoyanların benefisiarları olduğu “Stinn” MMC-yə verilib.
2025-ci ildə RWB-nin Rusiyadakı dövriyyəsi əvvəlki illə müqayisədə 49 faiz artaraq 6,1 trilyon rubla yüksəlib. Şirkətin xalis mənfəəti də 68 faiz artımla 175 milyard rubl olub.