QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, deputat Səyyad Aran İmişli rayon 1 saylı tam orta məktəbdə qaldırdığı problemlərin aradan qaldırılmadığını bildirib.
O, parlamentdə Elm və Təhsil Nazirliyinin diqqətinə çatdırdığı məsələlərdən birinin məktəbə modul otaqların göndərilməsi olduğunu deyib. Aranın sözlərinə görə, təhsil müəssisəsində ciddi sıxlıq var və təklifini səsləndirməsindən bir il keçməsinə baxmayaraq, modul otaqlar hələ də verilməyib.
Deputatın bildirdiyinə görə, məktəbin akt zalı sınıq stul, stol və şkaflarla doldurulub, tullantılar da orada yığılıb. O, zalı təmizlətdirdiyini, lakin bəzi əşyaların hələ də qaldığını qeyd edib. Aran həmçinin yer çatışmazlığı səbəbindən məktəbin səhnəsinin bufet kimi istifadə edildiyini söyləyib.
Səyyad Aran məktəbin 1964-cü ildə istifadəyə verildiyini xatırladaraq, qaldırdığı problemin tam həllini tapmadığını vurğulayıb. O, akt zalı fəaliyyət göstərmədiyi halda vətənpərvərlik tərbiyəsinin necə aparıla biləcəyini sual edib.
“Parlament nə üçündür? Gördüklərimizi, bildiklərimizi, xalqın bizə söylədiyi nöqsanları, iradları, məsləhətləri orada danışmaq üçün. Milli Məclisdə də danışırıq, necə deyərlər, mesaj ötürürük ki, belə məsələlər var. Bir il ərzində bu problemi həll edə bilmirsənsə, mənim sənə sözüm yoxdur”, – deputat bildirib.
Aran bu dəfə əsas iradlarının Elm və Təhsil Nazirliyinə aid olduğunu, gələcək iclaslarda digər nazirliklərlə bağlı da qeydlərini səsləndirəcəyini əlavə edib.