QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə onun müharibəni diplomatik yolla başa çatdırmaq niyyətini ifadə etdiyini deyib.

Tramp bu fikirləri Asiya səfərindən qayıtdıqdan sonra Ağ Evdə təşkil olunan mətbuat brifinqində səsləndirib. O, xarici siyasət mövzularına toxunarkən Putinlə ikitərəfli görüşünün müsbət keçdiyini bildirib.

ABŞ liderinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına çatmaq iki ölkə prezidentinin şəxsi münasibətləri səbəbindən çətinləşir. Tramp qeyd edib ki, Putin müharibənin diplomatik üsullarla bitməsini açıq şəkildə istədiyini söyləyib, lakin Vladimir Putinlə Volodimir Zelenski bir-birinə nifrət edir və münaqişənin necə dayandırılacağını müəyyənləşdirə bilmirlər. Onun bildirdiyinə görə, hər iki tərəf müharibəyə son qoymaq istəyir, amma çıxış yolu tapa bilmir; ABŞ isə onlara kömək göstərməyə çalışır.

Tramp Putindən “Əgər mən prezident olsaydım, müharibəyə başlayardınızmı?” deyə soruşduğunu da açıqlayıb. Rusiya liderinin cavabı belə olub: “Xeyr, bu müharibə heç vaxt baş verməzdi”. Putinlə münasibətinə dair sualı cavablandıran ABŞ prezidenti onunla yaxşı yola getdiyini söyləyib və Rusiya liderinə “Dostum” deməsini bununla izah edib.

Ukraynaya NATO-nun 4-cü və 5-ci maddələrinə bənzər təhlükəsizlik təminatlarının verilməsi məsələsinə də münasibət bildirən Tramp bunun yalnız yekun razılaşma əldə olunandan sonra müzakirə edilə biləcəyini deyib. “İndi təhlükəsizlik zəmanətləri barədə danışmaq istəmirəm, çünki əvvəlcə razılığa gəlməliyik. Razılıq əldə edildikdən sonra bu prosesə qoşulacağıq”, – deyə o bildirib.