QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensi İranla bağlı danışıqlar prosesindən çıxarıb.

“Politico” qəzetinin noyabrın 12-də yaydığı məlumata görə, bu qənaətə Trampın “Truth Social” platformasında paylaşdığı fikirlər əsas verib. ABŞ lideri bir gün öncə Vaşinqtonun Tehranla razılaşma əldə etməyə artıq ehtiyac duymadığını yazıb. O, ABŞ-nin İrana təzyiq göstərmək üçün yetərli vasitələrə malik olduğunu düşünür.

Tramp daha sonra Vensdən ABŞ ərazisində, xüsusən Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda geniş yayıldığını iddia etdiyi korrupsiya və cinayətkarlığa qarşı mübarizəyə yönəlməsini istəyib.

Bu qərara əsasən, diplomatik təmaslarda iştirak etmək əvəzinə Vens Minnesota, Kaliforniya və İllinoysda, habelə Demokratların idarə etdiyi digər ərazilərdə iddia olunan qanun pozuntularını araşdıracaq.

Qərar Vensin İranla uzanan münaqişəni aralıq seçkilərində respublikaçıların məğlubiyyəti ilə əlaqələndirməsindən sonra verilib. Vitse-prezident ötən həftə müharibənin partiyanın Konqresin hər iki palatasındakı çoxluğunu itirməsinin səbəblərindən biri olduğunu demişdi. Tramp da bundan əvvəl eyni fikri səsləndirmişdi.

Cey Di Vens daha əvvəl Vaşinqtonun Tehranla danışıqlarında əsas fiqurlardan sayılırdı. Apreldə o, münaqişəni dayandırmaq barədə razılıq əldə etmək üçün Pakistanın paytaxtında keçirilən görüşdə ABŞ nümayəndə heyətinə rəhbərlik edib. Tərəflər həmin vaxt razılığa gələ bilməyiblər.