QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda məktəblərin psixoloqlarla təminatı yetərli deyil: hazırda hər 1000 şagirdə bir psixoloq düşür.
Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə edilərkən məlumat verib.
Onun sözlərinə görə, məktəblərdə psixoloji xidmətin əhatəsini artırmaq üçün 2028-ci ildən yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Kərimzadə bu xidmətin genişləndirilməsini vacib saydığını, müəyyən planların mövcudluğuna baxmayaraq, aidiyyəti qərarlar qəbul edilmədiyi üçün hələlik onları açıqlaya bilməyəcəyini bildirib. “2028-ci ildən təşəbbüslərimiz olacaq”, – deyə nazir müavini qeyd edib.
Kərimzadə 400 məktəbdə “Məktəbli dostu” layihəsinin tətbiq edildiyini, sosial pedaqoqların da bu sahədə çalışdığını söyləyib.
Nazir müavini Bakı, Sumqayıt və Abşeron məktəblərindəki şagird sıxlığından da danışıb. O, əsas səbəblərdən biri kimi əhalinin həmin ərazilərə köçünü göstərib.
Kərimzadənin sözlərinə görə, bəzi valideynlər yaxınlıqdakı şagird sayı daha az olan məktəblər əvəzinə özlərinin seçdiyi təhsil müəssisələrinə üz tuturlar. Bu seçim məktəblərdə sıxlığın bərabər paylanmamasına gətirib çıxarır.
Problemin aradan qaldırılması üçün Bakı, Abşeron və Sumqayıtda yeni məktəblər inşa olunur, eləcə də başqa tədbirlər görülür.