QafqazNews TASS-a istinadən xəbər verir ki, Türkiyə 2026-cı ilin üç rübündə Rusiyanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak iki ölkə arasındakı hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib.

Novak bildirib ki, 2026-cı ilin üç rübünün yekunlarına görə Türkiyə Rusiya üçün xarici ticarət tərəfdaşları arasında dördüncü sıradadır.

Baş nazirin müavininin sözlərinə görə, hökumətlərə qarşıya qoyulan məqsəd ikitərəfəli ticarət dövriyyəsini illik 100 milyard dollar səviyyəsinə çatdırmaqdır. O vurğulayıb ki, dayanıqlı ticarət-iqtisadi əlaqələr münasibətlərin möhkəm maddi-texniki bazasını formalaşdırır və son illərdə ikitərəfəli ticarət dövriyyəsi əminliklə 50 milyard dolları ötür.

Novak əlavə edib ki, Türkiyə Rusiya üçün əsas ticarət tərəfdaşlarından biridir: ötən il o, ticarət dövriyyəsinə görə ikinci, rus ixracı üzrə üçüncü, idxal üzrə isə beşinci yerə sahib olub.

Əsas əməkdaşlıq sahələri kimi energetika, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika və turizm göstərilib.

Novak həmçinin qarşılıqlı investisiyaların artdığını qeyd edib. Rusiya şirkətləri Türkiyənin energetika, metallurgiya, avtomobilqayırma və neft-kimya sahələrində təmsil olunublar. Türkiyə biznesi isə Rusiyada yüngül və ağac emalı sənayesi, avtomobil komponentləri, məişət texnikası, şüşə və tikinti materialları istehsalında fəaliyyət göstərir. Türkiyənin tikinti şirkətləri Rusiya Federasiyasında iri regional layihələrdə iştirak edir.