QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyənin bir neçə bölgəsində soyuq və qarlı hava şəraiti hökm sürür. İstanbul ətrafında da yağıntı müşahidə edilib, bəzi dağlıq ərazilərdə qarın qalınlığı 20 santimetrə yaxınlaşıb.

Sakarya, Karabük, Düzcə, Bolu, Qars, Ağrı və Rizənin yüksək dağlıq hissələrində qar yağıb.

Karabük-Bartın yolunun 1030 metr yüksəklikdə yerləşən Ahmetusta aşırımı, həmçinin şəhər mərkəzindən 23 kilometr aralıda olan Keltepe xizək mərkəzi qarla örtülüb. Hərəkətin çətinləşməməsi və yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün yol işçiləri ərazidə təmizləmə və duzlama işləri görüblər.

UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Safranbolu rayonuna yollanan turistlər mənzərələri çəkmək üçün yolüstü dayanıb. Tur qrupunun bələdçisi İzzet Orhan Özdal qonaqların qarlı görüntüləri heyranlıqla qarşıladığını deyib.

Düzcədə üç gündür davam edən soyuqlar dağlıq ərazilərdə qarla müşayiət olunub. Gölyaka rayonundakı, 1830 metr hündürlükdə yerləşən Kardüz yaylasında iki gündür arabir qar yağır. Ərazidə qar örtüyünün qalınlığı 15 santimetrə yaxınlaşıb.