QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyənin Qabar bölgəsində iki yeni sahədə ümumilikdə 135 milyon barel neft ehtiyatı potensialı aşkar edilib. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında məlumat verib.
Ərdoğan enerji tələbatını təhlükəsiz şəkildə qarşılamağın prioritet olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyədə neft və təbii qaz hasilatı sürətlə artırılır. Hazırda Qara dənizdən çıxarılan qaz 4 milyon ailənin ehtiyacını təmin edir.
Prezident “Osmanqazi” gəmisinin fəaliyyətə başlaması ilə qazla təmin olunan ailələrin sayının 8 milyona çatacağını deyib. O əlavə edib ki, ölkə daxilində və beynəlxalq səviyyədə atılan addımlar, eləcə də yatırılan sərmayələr yeni kəşflərə şərait yaradıb.
Ərdoğan Şırnakın Qabar dağı ərazisində neft hasilatının rekord göstəriciyə doğru irəlilədiyini vurğulayıb. Bildirib ki, bölgədə Türkiyənin ən yüksək keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel hasil edilir və iki yeni yataqda daha 135 milyon barel neft potensialı müəyyən olunub.
Prezidentin açıqlamasına görə, 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun işləməsi ilə gündəlik hasilat 100 min bareli ötəcək. Bu səviyyənin ölkə iqtisadiyyatına ildə 4,4 milyard dollar əlavə töhfə verəcəyi gözlənilir.