QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanın üçrəngli Dövlət Bayrağı milli kimliyin və dövlətçilik tarixinin əsas rəmzlərindən biri kimi xalqın yaddaşında xüsusi yer tutur. Bayrağın rəngləri türklüyü, müasirliyi və mənəvi dünyanı ifadə edir, onun tarixi isə müstəqillik uğrunda mübarizənin mühüm mərhələləri ilə bağlıdır.
1918-ci ildə Şərqin ilk demokratik respublikası dövründə ucaldılan bayraq hüquq, azadlıq və milli oyanış ideyalarını təcəssüm etdirirdi. Məhəmməd Əmin Rəsulzadə və məsləkdaşlarının yüksəltdiyi üçrəngli rəmzdə mavi türk kimliyini, qırmızı inkişaf və müasirləşmə istəyini, yaşıl isə islam mədəniyyətini ifadə edirdi. Qırmızı zolağın üzərindəki ağ aypara və səkkizguşəli ulduz da bayrağın elementləri sırasındadır.
Sovet hakimiyyəti dövründə bayraq rəsmi istifadədən çıxarılsa da, xalqın yaddaşında qorunub. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı rəsmi dövlət atributu kimi qəbul edib. 1991-ci il fevralın 5-də isə bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu bərpa olunub.
Heydər Əliyev bayrağın mahiyyətini belə ifadə edib: “Bayraq namusdur, bayraq iffətdir, bayraq qeyrətdir, bayraq bir millətin şərəfidir, ləyaqətidir, bayraq Vətən üçün canını vermiş şəhid oğullarımızın al rəngli kəfənidir”.
Prezident İlham Əliyev də Dövlət Bayrağı Meydanının açılışında rəmzin xalq üçün əhəmiyyətini vurğulayıb: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır”. Həmin dövrdə ölkə ərazilərinin bir hissəsi işğal altında idi və dövlət başçısı bayrağın azad ediləcək torpaqlarda dalğalanacağını bildirirdi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı azad olunan yaşayış məntəqələrində və strateji yüksəkliklərdə Azərbaycan bayrağı qaldırıldı. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır!” deyə bəyan etdi.
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa edildi. Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərədə üçrəngli bayrağın ucaldılması dövlət hakimiyyətinin həmin ərazilərdə bərqərar olmasını nümayiş etdirdi.
Bu gün Dövlət Bayrağı ölkənin müxtəlif bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. O, həm Azərbaycanın suverenliyini, həm də ölkə daxilində və xaricində yaşayan azərbaycanlıların milli bağlılığını ifadə edir.