QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Qax rayonunun Güllük kəndində arvadına xəsarət yetirən 60 yaşlı kişiyə məhkəmə cəza verib.
Şərti adlarla təqdim olunan Tofiq Səfərov yaşadığı evdə qeyri-rəsmi nikah münasibətində olduğu Simuzərə yumruqla zərbə endirib. Bu hadisə ilə bağlı onun barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurmanı nəzərdə tutan 127.1-ci maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bildirib ki, qadından ev işlərini bitirdikdən sonra bağa gəlib fındıq yığmağa kömək etməsini istəyib. Özü bağa gedib, lakin Simuzər oraya gəlməyib. Evə qayıdanda onun ev işlərini görmədən yatdığını görən Tofiq mübahisə zamanı qadını vurub.
Zərərçəkən isə baş ağrısı olduğu üçün yatdığını, bunu ərinə dedikdən sonra onun yumruq zərbəsinə məruz qaldığını söyləyib. Simuzər ağlamağa başlayanda Tofiqin onu bir daha vurmadığını qeyd edib. Qadın hazırda əri ilə barışdığını və ondan şikayətçi olmadığını bildirib.
Məhkəmə Tofiq Səfərova bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Qərara görə, o, Qax Rayon İcra və Probasiya Şöbəsinə xəbər vermədən saat 23:00-dan səhər 07:00-dək Güllük kəndindəki evini tərk edə bilməz. Həmçinin Qax rayonunun hüdudlarından kənara çıxması qadağan edilib.