QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Vaşinqtonda tikilməsi planlaşdırılan Zəfər Tağı ilə bağlı bütün inşaat işləri 14 gün müddətinə dayandırılıb. Layihə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülüb və əvvəllər Milli Planlaşdırma Komissiyasından təsdiq alıb. Dayandırma qərarını Kolumbiya Dairəsi üzrə federal məhkəmə çıxarıb.
Rayon hakimi Tanya Çutkan qərarda qeyd edib ki, qərarın qəbul edildiyi gündən sonrakı 14 gün ərzində cavabdehlər tağın inşası ilə bağlı heç bir tikinti işi görə bilməzlər. Layihəyə qarşı çıxan şəxslər də işlərin başlanmasına yol verilməməsi tələbi ilə məhkəməyə müraciət ediblər.
Tağın Kolumbiya adasında, Linkoln Memorialı ilə Arlinqton Milli Qəbiristanlığının eyni xətti üzərində inşa olunması nəzərdə tutulur. Təxminən 51 metr hündürlüyündə layihələndirilən abidənin zirvəsində məşəl tutan və tac taxan, Azadlıq ilahəsini xatırladan iri qanadlı Azadlıq heykəli yerləşəcək. Onun iki tərəfində qızılı qartal fiqurları, tağın dörd kənarında isə dörd qızılı şir heykəli olacaq.
Tağın hər iki üzünün yuxarı bölümünə qızılı hərflərlə “One Nation Under God” (“Tanrı nizamında tək bir millət”) və “Liberty and Justice for All” (“Hamı üçün azadlıq və ədalət”) sözlərinin həkk edilməsi planlaşdırılır.