QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, dövlət büdcəsinin daxilolmaları 29 311,8 milyon manata çatıb. Bu məbləğ nəzərdə tutulan proqnozdan 787,4 milyon manat, yaxud 2,8 faiz artıqdır.

Neft-qaz sektorundan əldə olunan gəlirlər 12 930,5 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 1 219,1 milyon manat və ya 8,6 faiz aşağı düşüb. Qeyri-neft-qaz gəlirləri isə 16 381,3 milyon manata yüksəlib ki, bu da 1 388,4 milyon manat və ya 9,3 faiz artım deməkdir.

Daxilolmaların 13 630,4 milyon manatı, yəni 46,5 faizi vergi orqanlarının xətti ilə təmin edilib. Dövlət Neft Fondundan büdcəyə 9 628 milyon manat transfert olunub; bu, ümumi məbləğin 32,8 faizidir.

Gömrük orqanları 4 973,3 milyon manat (17 faiz), dövlət büdcəsindən maliyyələşən qurumların ödənişli xidmətləri 543,2 milyon manat (1,9%), digər mənbələr 493,7 milyon manat (1,7%) gətirib. Dövlət əmlakının icarəsindən əldə olunan vəsait 43,2 milyon manat, yaxud daxilolmaların 0,1 faizi olub.