QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov işləməyən şəxslər vəfat etdikdə onların ailələrinə dəfn müavinətinin verilməsini təklif edib. O, bu fikri sosial büdcə zərfinin müzakirəsi zamanı səsləndirib.

Bayramovun sözlərinə görə, hazırkı qaydalarla dəfn pulu dövlət qulluqçuları, ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alanlar, işsizlikdən sığorta ödənişi alan sığortaolunanlar və əmək pensiyaçılarının vəfatı zamanı ödənilir.

Deputat qeyd edib ki, işləməyən şəxs dünyasını dəyişəndə ailəsinin belə dəstəyə ehtiyacı daha çox ola bilər. Buna görə də həmin ailələrə dəfn müavinətinin ödənilməsi məqsədəuyğundur.

2025-ci ildə Azərbaycanda 33 806 nəfər vəfat edib. Onların 62,6 faizi 65 və yuxarı yaşda, yəni pensiyaçı olub. Bayramov bildirib ki, təklifin həyata keçirilməsi ciddi əlavə xərc yaratmayacaq.