QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, valideynlərin qarşılaşdığı əsas suallardan biri uşaqlarla necə ünsiyyət qurmaqdır. Bəziləri daha ənənəvi valideyn mövqeyini seçir, digərləri isə övladları ilə dost münasibəti yaratmağa çalışır. Bu seçim zamanı uşağın yaşı nəzərə alınmalıdır. Uşaqlıq dövrü əsasən üç mərhələyə ayrılır: 0-6 yaş məktəbəqədər, 7-15 yaş məktəb, 15 yaşdan yuxarı isə yeniyetməlik dövrüdür.

Yaş mərhələləri fərqli olduğuna görə, həmin dövrlərdə uşaqlara yanaşma da dəyişməlidir. Hər uşağın fərdi öyrənmə tərzi ilə yanaşı, yaş qrupuna xas ümumi öyrənmə xüsusiyyətləri var. Buna görə vacib olan yalnız hansı bilik və keyfiyyətlərin öyrədilməsi deyil, onların uşağa hansı üsulla çatdırılmasıdır.

0-6 yaşlı uşaqlar əsasən yaxın təmas vasitəsilə öyrənirlər. Bu yaşda onlarla top oynamaq, gizlənqaç keçirmək və ya güləşmək mümkündür. Oyun zamanı uşağa gərəkli keyfiyyətləri aşılamaq da diqqətdən kənarda qalmamalıdır.

7-15 yaş aralığında uşağa nəyisə öyrətmək üçün onunla dost münasibəti qurmaq faydalıdır. Bununla belə, valideyn və uşaq arasındakı sərhədlərin saxlanması vacibdir. Birgə fəaliyyətlər uşağın maraqlarına uyğun seçilə bilər: kitab oxumaq, şahmat oynamaq və ya xarici dil öyrənmək buna nümunədir. Uşağın yaşına uyğun səhvlərinə sərt cavab verməkdənsə, onları düzəltməsi üçün imkan yaratmaq tövsiyə olunur.

15 yaşdan yuxarı övladı olan valideynlər onu ayrıca fərd kimi qəbul etməli, lazım gəldikdə rəyini soruşmalıdırlar. Məsələn, ev üçün əşya seçərkən onun hansı variantı istədiyini və səbəbini öyrənmək ünsiyyətin sağlam qurulmasına kömək edə bilər.

Yaşından asılı olmayaraq, uşaqlara dostluq, yoldaşlıq, sevgi, mərhəmət, haqq və ədalət kimi dəyərləri aşılamaq mümkündür.