QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan və Vyetnam iki ölkə arasında birbaşa uçuşların təşkili üçün təşviq tədbirləri görmək barədə razılığa gəliblər. Bu addımın turizm axınını və ticarət dövriyyəsini artırması, eləcə də insanlararası əlaqələri genişləndirməsi hədəflənir.
Müddəa Prezident İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri çərçivəsində Vyetnam Prezidenti və Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamla qəbul etdiyi birgə bəyanatda əks olunub.
Sənəddə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur. Xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı uzunmüddətli razılaşmaların əldə edilməsi tərəflərin prioritetləri sırasındadır.
Tərəflər dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı sahələrində təcrübə mübadiləsi aparmağı, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı təşviq etməyi planlaşdırırlar. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının bazarlara çıxışının asanlaşdırılması da razılaşdırılıb.
Təhsil sahəsində qarşılıqlı tələbə təqaüdləri, birgə tədqiqat layihələri və tələbə, eləcə də tədqiqatçılar üçün davamlı mübadilə imkanlarının yaradılması nəzərdə tutulur. Bəyanatda mədəniyyət günlərinin qarşılıqlı təşkili və iki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələrinin təşviqi də əksini tapıb.
Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanat isə 2025-ci il mayın 7-də qəbul edilib.