QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Şəmkirdə şagirdlərə sınaq imtahanı biletlərinin məcburi satılmasını təşviq edən müəllimlərlə bağlı araşdırma aparılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin məlumatına görə, sosial şəbəkələrdə şəhərdəki Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdlərinin yerli kurslardan birinin sınaq imtahanında iştirakı üçün bilet almağa məcbur edildiyini əks etdirən səs yazısı yayılıb.
İdarə bildirib ki, araşdırma zamanı məktəb direktorunun səs yazısından xəbər tutan kimi bu fəaliyyətin qarşısını aldığı müəyyən edilib. Sektor müdirinin bilet satışından məlumatlı olması və buna razılıq verməsi barədə iddialar isə təsdiqlənməyib.
Səs yazısında adları çəkilən müəllimlərə münasibətdə müvafiq tədbirlər görülüb. İdarə şagirdlərin bu cür fəaliyyətlərə məcburi cəlb edilməsinin yolverilməz olduğunu vurğulayıb və belə müraciətlərin araşdırılaraq nəticəyə uyğun tədbir görüldüyünü qeyd edib.