QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının parlamentində deputatın vida çıxışı zamanı evlilik təklifi diqqət çəkib.

Rayd seçki dairəsini təmsil edən 32 yaşlı Liberal Partiya üzvü Cordan Leyn uzun müddətdir münasibətdə olduğu Nataliyə üzük təqdim edərək onunla ailə qurmaq istəyib. Təklif çıxışının sonunda səsləndirilib: “Cənab Sədr, Rayd dairəsinin deputatı kimi son sualım həyatımın böyük sevgisi Nataliyədir: Mənimlə evlənərsənmi?”

Parlament zalında alqışlarla qarşılanan təklifə Natali “bəli” cavabı verib. Leyn isə zarafatla həmin cavabın parlamentin rəsmi stenoqramına salınmasını istəyib.

Cordan Leyn 2027-ci ilin martında keçiriləcək Yeni Cənubi Uels ştat seçkilərində namizəd olmayacağını açıqlayıb. Vida nitqində o, siyasi fəaliyyətindən, təmsil etdiyi dairədən və ona dəstək göstərən şəxslərdən danışıb.