QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ-də aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlub olmasının ardından Ağ Ev Donald Trampın gələcək siyasi fəaliyyəti ilə bağlı bəyanat yayıb.

Yazılı açıqlamada Trampın siyasi karyerasının sona çatdığını söyləyənlərin dəfələrlə səhv etdikləri vurğulanıb. Bildirilib ki, Demokratlar prezidentin vəzifədə qalacağı növbəti iki ildə gördüyü işləri ləğv etməyə çalışacaqlar, lakin buna nail ola bilməyəcəklər.

“Radikal sol, yalan xəbərlər yayan media və daim təşviş yaradan çevrələr Prezident Trampın siyasi fəaliyyətinin sona çatdığını hər dəfə elan edəndə yanılıblar. Yenə yanılacaqlar”, – Ağ Evin bəyanatında deyilir.

Açıqlamada Trampın miqrasiya, təhlükəsizlik, vergi və enerji siyasətinə də yer ayrılıb. Sərhədlərin daha etibarlı hala gətirilməsi, müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının dayandırılması, enerji müstəqilliyinin təmin olunması, eləcə də uşaqların qorunması onun nailiyyətləri kimi sadalanıb. Ağ Ev mümkün impiçment cəhdlərinin və Trampın siyasətini dəyişdirmək planlarının uğur qazanmayacağını qeyd edib.

“Onu vəzifəsindən uzaqlaşdırmaq, siyasətinə müdaxilə etmək və ya administrasiyanın nailiyyətlərini geri çevirmək cəhdləri radikal solun əvvəlki təşəbbüsləri kimi uğursuzluqla nəticələnəcək. Prezident Tramp mübarizəni heç vaxt dayandırmayacaq”, – bəyanatda bildirilib.