QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin orduda baş verən intiharları sadəcə qeydə almaqla kifayətlənməyəcəyini və mövcud vəziyyəti qəbul etməyəcəyini bildirib.
Paşinyan İstintaq Komitəsinin rəhbərinin cəmiyyətdə müzakirələrə səbəb olan sektalarla bağlı fikirlərinə brifinqdə münasibət bildirərkən bu mövqeyini həmkarlarına açıq şəkildə çatdırdığını deyib.
Baş nazirin sözlərinə görə, rəsmilər hadisələri kənardan müşahidə etməklə kifayətlənə bilməzlər. O qeyd edib ki, hər bir insidentin izahı ola bilər, amma bu izahlar onları qane etməməlidir.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan daha əvvəl sülh dövründə hərbçilərin ölüm hallarının qarşısını almaq üçün Müdafiə Nazirliyində müvafiq tədbirlərin görüldüyünü açıqlamışdı. İstintaq Komitəsinin sədri Artur Poqosyan isə hərbi qulluqçular arasında intiharların mümkün səbəblərindən biri kimi onların müəyyən sektalara mənsub olmasını göstərmişdi.
2026-cı ilin əvvəlindən Ermənistan ordusunda hərbçilərin ölümü ilə bağlı 17 hadisə qeydə alınıb. Bu faktlar orduda nizam-intizam, nizamnamədənkənar münasibətlər və şəxsi heyətin mənəvi-psixoloji durumu ilə bağlı məsələləri yenidən gündəmə gətirib.
Avqustun 13-də Paşinyan ordudakı insidentlərə dair açıqlamasında müvafiq sahələrə cavabdeh qurumlarda kadr dəyişiklikləri olacağını bildirmişdi. Bundan az sonra mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər.