QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 20 Noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat əsasında rayonun işğalda qalan hissəsi atəş açılmadan və hərbi itki olmadan Azərbaycana qaytarılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam Şəhəri Günü təsis edilib, həmçinin “Ağdamın azad olunmasına görə” medalı yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin 5 790 hərbçisi bu medalla təltif edilib.
“Ağdam” adının qədim türk dilində “kiçik qala” mənası daşıdığı bildirilir. Keçmişdə burada məskunlaşan türkdilli tayfalar müdafiə məqsədilə kiçik qalalar inşa edirdilər. XVIII əsrin ilk yarısında Qarabağ xanı Pənahəli xan şəhərdə ağ daşdan imarət tikilməsini əmr edib. Uzun müddət həmin bina ətraf kəndlərin sakinlərinə istiqamət nişanəsi olub. “Ağdam” sözü həm də günəş işığına qərq olmuş “ağ ev” kimi izah edilir.
Ağdam rayonu və onun 90 kəndi 1993-cü il iyulun 23-də Ermənistan ordusunun nəzarətinə keçib. İşğal 128 min sakinin məcburi köçkünə çevrilməsinə səbəb olub. Döyüşlərdə 6 mindən çox insan həlak olub, minlərlə nəfər yaralanıb. Doğma yurdlarından didərgin salınan ağdamlılar Azərbaycanın 59 rayonunda, 875 yaşayış məntəqəsində məskunlaşıblar. Dağıntıların miqyasına görə Ağdam “Qafqazın Xirosiması” adlandırılıb. Şəhər işğaldan qayıtdıqdan sonra mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və təhqir olunması faktları üzə çıxıb.
İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində Azərbaycanın işğalla barışmayacağını və məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəyini bəyan etmişdi. Bu vədin həyata keçməsi 17 il çəkdi. Torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası Prezidentin siyasətində əsas istiqamətlərdən biri olub. O, bu mövqeyi həm beynəlxalq tribunalarda, həm də 44 günlük Vətən müharibəsindən sonrakı çıxışlarında ifadə edib.
BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə Ermənistan qüvvələrinin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb etmişdi. ATƏT-in Minsk qrupuna daxil olan doqquz ölkə hücumu pisləyərək qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasına çağırmışdı. Ermənistan bu qərarları icra etməyib. Mənbədə, həmçinin Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərin pozulduğu, ərazidə yer adlarının dəyişdirildiyi, mülkiyyətin talan olunduğu və torpaqların yandırıldığı qeyd edilir. 2020-ci ildə Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müharibəni 44 gün ərzində Qələbə ilə başa çatdırıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də Ağdama gedərək şəhər mərkəzində Azərbaycan bayrağını ucaldıb, Ağdam Cümə məscidini ziyarət ediblər. Bayrağın qaldırılması zamanı dövlət başçısı şəhərin və kəndlərin yenidən qurulacağını bildirib. Hazırda Ağdamda genişmiqyaslı bərpa işləri görülür: yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir, istehsal müəssisələri yaradılır, yaşıllıq sahələri salınır. Ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi də davam edir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan yenidənqurma işləri şəhərin əvvəlki simasının bərpasına yönəlib. Ağdam Sənaye Parkı, dəmir yolu və avtovağzal kompleksi, Muğam Mərkəzi, eləcə də turizm və yol infrastrukturu layihələri rayonun inkişaf planına daxildir. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən salınır.
2026-cı ilin noyabrına olan məlumata görə, Ağdam şəhərində 1 002 ailədən 3 604 nəfər yaşayır. Xıdırlıda 659 ailə və 2 621 nəfər, Kəngərlidə 292 ailə və 1 261 nəfər, Sarıcalıda isə 193 ailə və 814 nəfər məskunlaşıb. Ümumilikdə bu yaşayış məntəqələrində 2 146 ailə, 8 300 nəfər sakin var.
Nazirlər Kabineti 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləyib. İşğaldan azad edilən rayonlar arasında ilk təsdiqlənən bu sənədə əsasən, Ağdam gələcəkdə azad edilmiş ərazilərin ən böyük, ölkənin isə dördüncü böyük şəhəri olacaq. Şəhərdə 100 min nəfərin yaşaması nəzərdə tutulub.