QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Rusiyanın Kiyevə endirdiyi zərbələr Niderland və Avstriyanın diplomatik nümayəndəliklərinə ziyan vurub. Hər iki ölkənin hökuməti xəsarət alan olmadığını açıqlayıb.

Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger Ukrayna paytaxtına hücumların artması səbəbindən əlavə təhlükəsizlik tədbirlərinin görülməsi barədə göstəriş verdiyini bildirib. NATO üzvü olan əksər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Avstriya hərbi neytrallıq xəttini saxlayır.

Niderlandın xarici işlər naziri Tom Berendsen isə mərminin diplomatik missiyanın arxasındakı binaya düşdüyünü, səfirlikdə cüzi zərər yarandığını deyib. Hadisə ilə bağlı izahat almaq üçün Rusiya səfiri nazirliyə çağırılıb.

Noyabrın 17-də Niderlandın müdafiə şirkəti “Destinus” istehsalı olan “Ruta” qanadlı raketlərinin Ukrayna tərəfindən Krım körpüsünə zərbə endirmək üçün istifadə edildiyini açıqlayıb. Məlumata əsasən, ilk hücum körpünün yuxarı yükdaşıyan konstruksiyasına ziyan vurub, ikinci zərbə isə aşırımlardan birinin dağılması ilə nəticələnib. Rusiya hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün Ukrayna hərbçilərinin “Destinus”un istehsal etdiyi “LORD/Da Vinci” sistemlərindən də yararlandığı bildirilib.

Bundan sonra Rusiyanın səfirliyi bəyan edib ki, Moskva üçün Niderlanda Ukraynadakı müharibədə “neytral müşahidəçi” kimi yanaşmaq “getdikcə çətinləşir”. Səfirliyin açıqlamasında Haaqanın addımları ilə münaqişədə iştirakını davamlı şəkildə artırdığı, bunun da müharibəni uzadaraq gərginliyi yüksəltdiyi vurğulanıb.

Ukraynanın xarici işlər naziri Andrii Sibiha cümə axşamı Kiyevə hücum zamanı Rusiya pilotsuz uçuş aparatının qalıqlarının Braziliya səfirliyinin ərazisinə düşdüyünü də açıqlayıb. Onun sözlərinə görə, binaya zərər dəyməyib və xəsarət alan olmayıb.

Dövlət Fövqəladə Hallar Xidmətinin bildirdiyinə görə, həmin gün paytaxta edilən hücumlarda bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaşayış və qeyri-yaşayış binaları, eləcə də yanğın-xilasetmə bölməsi zərər görüb. Altı mərtəbəli binada baş verən yanğından biri yeniyetmə olmaqla iki nəfər xilas edilib. Qalıqlar Müqəddəs Vladimir Katedralinin pəncərələrinə və bir neçə avtomobilə də ziyan vurub.

Ukraynanın başqa bölgələrində də ölənlər və yaralananlar qeydə alınıb. Kiyev vilayətində pilotsuz uçuş aparatının zərbəsi 44 yaşlı qadının ölümünə səbəb olub. Zaporojye vilayətinin Kuşuhum qəsəbəsində də bir sakin həyatını itirib. Xarkov vilayətinin İzyum şəhərində yaşayış binasına hücum nəticəsində dördü uşaq olmaqla 21 nəfər xəsarət alıb, Xarkov şəhərində isə yeddi nəfər, o cümlədən iki yeniyetmə yaralanıb. Dnepropetrovsk vilayətinin Nikopol rayonu atəşə tutulub və bir nəfər ölüb.