QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi “Xaricdə iş” layihəsi çərçivəsində Almaniyada işə qəbul üçün müraciətləri qəbul etməyə başlayıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində həyata keçirilir.

İş yerləri qaynaqçı-çilingər, aşpaz və yük avtomobili sürücüsü peşələri üzrə təqdim olunur. Bu vakansiyalara ümumilikdə 260 nəfərin cəlb edilməsi planlaşdırılır.

Qaynaqçı-çilingər vəzifəsinə müraciət edənlərdən uyğun sahədə ən azı ikiillik peşə təhsili, son beş ildə minimum iki il iş stajı, həmçinin qaynaq texnologiyalarını bilmək və müvafiq sertifikat tələb olunur. Aşpaz namizədləri də sahə üzrə ən azı ikiillik peşə təhsili almalı, yemək hazırlanması və qida təhlükəsizliyi qaydalarını bilməlidirlər.

Yük avtomobili sürücüsü vakansiyası üçün qüvvədə olan C və ya CE kateqoriyalı sürücülük vəsiqəsi, eləcə də ağır yük maşını idarə etmək üçün nəzərdə tutulmuş tibbi şərtlərə uyğunluq tələb edilir.

Hər üç peşə üzrə müraciət edənlərin alman dili bilikləri minimum A2 səviyyəsində olmalıdır. B1 səviyyəsi üstünlük hesab olunur.

Maaş məbləği seçilən vakansiyaya və iş təcrübəsinə uyğun olaraq 2200-4200 avro arasında dəyişir. Müraciətlər internet üzərindən qəbul edilir.