QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Onlar xüsusilə külli miqdarda dələduzluq və digər cinayətlərdə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan yekun iclasda hökm elan edilib. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyəti müttəhimləri irəli sürülən ittihamlar üzrə təqsirli bilib.
Qərara əsasən, Nofəl Hacıyev 11 il 6 ay müddətinə həbs cəzasına məhkum olunub. Talış Məhəmmədova isə şərti cəza təyin edilib. Həbs qoyulmuş Nabrandakı “Atlant” İstirahət Mərkəzinin də müsadirəsinə qərar verilib.
Vəkil Ceyhun Yusifov hökm barədə məlumatı təsdiqləyib.
Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şərikidir. İttihamda bildirilir ki, o, vətəndaşlardan götürülən 14 milyon manatı istirahət mərkəzində təmir və tikinti işlərinə sərf edib. Nofəl Hacıyev isə bu məsələdə qayınatası Tahir Qədəşovu ittiham edirdi. Hər ikisi istirahət mərkəzinin şəriki olub.