QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda avtobuslardan birinin üzərindəki “STOP” yazısının “TOXTA” sözü ilə dəyişdirildiyi görünür. Görüntülər istifadəçilərin diqqətini cəlb edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu yol nişanlarında və lövhələrdə “STOP” əvəzinə Azərbaycan dilində “DUR” və ya “TOXTA” sözlərindən istifadə olunmasını təklif etmişdi.

Deputatın bildirdiyinə görə, “STOP” Azərbaycan dilinə aid söz deyil. O, “DUR” ifadəsinin əmr formasında olduğunu və hərəkətin davamlılığını əks etdirmədiyini deyib. Babaoğlunun fikrincə, “TOXTA” isə dayanma mənası ilə yanaşı, əlavə semantik çalar da daşıyır.

“‘Toxta’ sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərdən istifadə edək? Axı bu, bizim öz sözümüzdür”, – deyə deputat qeyd etmişdi.