QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) mənimsəmə işi üzrə Bakı Hərbi Məhkəməsində ilk iclas keçirilib.
İşdə yeddi nəfər təqsirləndirilir. Onların arasında “Salyanski kazarma” adı ilə tanınan TTM-in keçmiş rəisi, polkovnik Sarı Xəlilov, onun əvvəlki köməkçisi gizir Bəxtiyar Bəhrəmzadə və mərkəzin sabiq maliyyə xidməti rəisi, polkovnik-leytenant Rəşad Məlikzadə var. Məhkəmə qarşısında, həmçinin müxtəlif vəzifələrdə çalışmış İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov və Ayaz Adamov dayanır. R.Məlikzadə ilə İ.Əliyev həbsdədir, qalan şəxslər isə həbs olunmayıb.
Hazırlıq iclasında təqsirləndirilənlərin şəxsi məlumatları yoxlanılıb və ilkin dinləmələr aparılıb. Azərbaycan Hərbi Prokurorluğunun ibtidai istintaqı nəticəsində iş üzrə ziyanın 207 min manat olduğu müəyyənləşdirilib.
Hakim Zeynal Ağayev cinayət işini məhkəmə baxışına göndərib. Növbəti iclas noyabrın 13-də keçiriləcək.
İttihama görə, mütəşəkkil dəstə halında mənimsəmə maddəsi ilə təqsirli bilinən şəxslər zərəri ödəmədikləri halda 10 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Məlumata görə, Sarı Xəlilov müdafiə nazirinin sabiq müavini, general-leytenant Nizam Osmanovla yaxın dost olub. Xəlilov Osmanovun vəzifədən çıxarıldığı vaxt təqaüdə göndərilib.