QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakının Xətai rayonundakı Abbas Səhhət küçəsi 6 ünvanında kanalizasiya və çirkab suları əraziyə yayılıb. Sakinlərin bildirdiyinə görə, problem bir müddətdir davam edir.

İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, ünvanda üç gündür briqada işləyir və xəttin açılması üçün tədbirlər görülür. Ancaq evlərin tullantı su kollektorunun üstündə inşa edilməsi tutulmanın yarandığı hissəyə müdaxiləni mümkünsüz edib.

Xidmət xatırladıb ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, həmçinin onların mühafizə zolaqlarında tikinti və qazıntı aparılması qanunvericiliyə ziddir. Bu şəbəkələrə texniki xidmət göstərilməsi və mümkün qəzalara müdaxilə belə tikililərə görə çətinləşə bilər.

Qurumun məlumatına əsasən, sakinlərin məişət tullantılarını kanalizasiya şəbəkəsinə atması da xəttin tutulmasına gətirib. Salfet, qida qalıqları və sellofan kimi əşyaların boruya atılması yolverilməzdir; onların yığılması tutulma yaradır, ərazidə antisanitar vəziyyətə və xoşagəlməz mənzərəyə səbəb olur.

Hazırda rayon sukanal idarəsi problemin aradan qaldırılması üçün işləri davam etdirir. Xidmət sakinləri tullantıları təyinatına uyğun atmağa və kanalizasiya xətlərindən düzgün istifadə etməyə çağırıb.