QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, mənzil alan şəxsin üzərinə əvvəlki mülkiyyətçinin ödəmədiyi əmlak vergisi və həmin borca hesablanan faizlərin ödənilməsi öhdəliyi yarana bilər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələ ilə bağlı izahat verib.

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsində rezident və qeyri-rezident fiziki şəxslərin Azərbaycanda yerləşən, xüsusi mülkiyyətlərində olan tikililəri və onların hissələri əmlak vergisinin vergitutma obyekti kimi müəyyənləşdirilib.

Məcəllənin 200.4 və 200.5-ci maddələrinə əsasən, bələdiyyələr əmlak vergisinin ödənilməsi üçün tədiyə bildirişini vergi ödəyicilərinə elektron qaydada avqustun 1-dən gec olmayaraq göndərməlidir. Həmin ilin vergi məbləği iki bərabər hissəyə bölünür və avqustun 15-dək, eləcə də noyabrın 15-dək ödənilir.

Dövlət Vergi Xidmətinin bildirdiyinə görə, əvvəlki sahib əmlak vergisini ödəməyibsə, qanunvericilikdəki ödəmə müddəti daxilində bu məbləği yeni mülkiyyətçi ödəməlidir.

Vergi Məcəlləsinin 85.4-cü maddəsi vergi orqanlarına vergitutma dövrü başa çatandan sonrakı üç il ərzində vergini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və yenidən hesablamaq imkanı verir. Hesablanmış məbləğlərin tutulması üçün isə dövrün bitməsindən etibarən beş il müddət nəzərdə tutulub.

Beləliklə, əvvəlki mülkiyyətçinin ödəmədiyi əmlak vergisi və hesablanmış faizlər qanunda göstərilən üç və beşillik müddətlər çərçivəsində yeni sahibdən də tutula bilər.