QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində ər-arvad arasında baş verən mübahisə cinayət işi ilə nəticələnib. Hadisə 29 dekabr 2025-ci ildə qeydə alınıb.
Beyləqan sakini, 1991-ci il təvəllüdlü Elbəy həmin gün saat 09:00 radələrində həyat yoldaşı Zəhra ilə mübahisə edib. Tərəflər arasında yaranan sözləşmə zamanı Elbəy qadına əli və ayaqları ilə bir neçə dəfə zərbə vurub, nəticədə Zəhra xəsarət alıb. Adlar şərti göstərilib.
Elbəyə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa zərər vurma ittihamı irəli sürülüb. O, məhkəmədə təqsirini etiraf edib.
Elbəy ifadəsində Zəhra ilə bir neçə il əvvəl ailə qurduğunu deyib. Onun sözlərinə görə, 28 dekabr 2025-ci ildə evdə mübahisə etdikdən sonra Zəhra Zabratda yaşayan dostunun evinə gedib. Ertəsi səhər o da həmin ünvana yollanıb.
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşının evi tərk etməsi barədə iradını çatdırıb. Qumar oyunlarına pul xərcləməsi üstündə yenidən mübahisə yarandığını söyləyən Elbəy, səhv etdiyini anladığını və özünə gəlmək üçün beş dəqiqə vaxt istədiyini qeyd edib. Onun iddiasına əsasən, Zəhra otaqdan çıxmasına imkan verməyib və mübahisəni davam etdirib. Elbəy əsəbiləşərək ona bir dəfə şillə vurduğunu, qadının ayağının sürüşərək kafel döşəməyə yıxıldığını deyib. Yıxıldıqdan sonra ona zor tətbiq etmədiyini, peşman olduğunu və barışmağa çalışdığını, lakin Zəhranın buna razılıq vermədiyini də əlavə edib.
Zəhra ifadəsində Elbəy ilə təxminən 2020-ci ildə evləndiyini bildirib. Onun sözlərinə görə, ərinin mütəmadi spirtli içki qəbul etməsi, başqa qadınlarla yazışması və qumara pul xərcləməsi ailədə dəfələrlə mübahisəyə səbəb olub. Zəhra əvvəlki hallarda da fiziki zorakılığa məruz qaldığını, ancaq xəstəxanaya getmədiyini və ərinin cəza almaması üçün xəsarətlərin səbəbini gizlətdiyini, hüquq-mühafizə orqanlarına müraciət etmədiyini deyib.
Zərərçəkmişin sözlərinə görə, dekabrın 28-də Elbəyin dostu Orxan ona ərinin qumara 260 manat qoyduğunu, lakin pul qazana bilmədiyini söyləyib. Həmin gün evə gələn Elbəy isə pul qoymadığını bildirib. Zəhra ondan həqiqəti deməsini istəyəndə Elbəy qışqırmağa başlayıb və masadakı balonu onun başına vuracağı ilə hədələyib. Zəhra gecə saat 21 radələrində evdən çıxarıldığını və gecəni küçədə keçirməmək üçün dostunun yaşadığı ünvana getdiyini bildirib. Epilepsiya xəstəsi olduğunu deyən qadın orada qıcolma keçirdiyini, bir qədər sonra özünə gəldiyini qeyd edib.
Zəhranın ifadəsinə əsasən, ertəsi gün Elbəy dostunun evinə gələrək ev sahibinin anası Nazilədən onun harada olduğunu soruşub. Otağa girməsinə mane olmağa çalışsalar da, Elbəy qapını itələyərək içəri daxil olub. Zəhra onunla mübahisə etdiyini, özünü itələyərək mətbəxə apardığını və başını bir neçə dəfə kafel döşəməyə vurduğunu iddia edib. Qadın, həmçinin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirildiyini bildirib. Səs-küyə Orxan və ailə üzvləri gəlib, Orxanın atası tərəfləri ayırıb. Zəhra evi tərk etdikdən sonra yolda yenidən qıcolma keçirib. Ona ilkin yardım göstərən şəxslər xəsarətlərini görərək 102 xidmətinə xəbər veriblər.
Zərərçəkmiş Elbəyin uzun müddət ona fiziki və psixoloji zorakılıq göstərdiyini, bıçaqla hücum edib onu öldürməklə və evi yandırmaqla hədələdiyini də bildirib. O, şikayət etdiyinə görə təhdid olunduğunu və özünü təhlükədə hiss etdiyini deyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Elbəy üç ay müddətinə azadlıqdan məhrum edilib.