QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Şərqi Almaniyanın Dövlət Təhlükəsizliyi Nazirliyinin (Ştazi) Xarici Kəşfiyyat Baş İdarəsinə 1952–1986-cı illərdə rəhbərlik etmiş general-polkovnik Markus Volf Soyuq müharibənin tanınmış kəşfiyyat rəhbərlərindən biri olub.

Yəhudi əsilli kommunist yazıçı Fridrix Volfun oğlu Markus Almaniyada doğulub. Hitler hakimiyyətə gəldikdən sonra ailə ölkəni tərk edib, 1934-cü ildən SSRİ-də məskunlaşıb. Markus Moskvada məktəbə gedib, ardınca Moskva Aviasiya İnstitutunda oxuyub və rus dilini yüksək səviyyədə öyrənib.

Kəşfiyyat fəaliyyətinin ilk 25 ildən artıq dövründə Qərb xüsusi xidmətləri Volfun görünüşü barədə məlumata malik deyildi. Bu səbəbdən ona “Üzü olmayan adam” deyirdilər. Volf 1978-ci ilə qədər fotokameralardan yayınmağa müvəffəq olmuşdu.

Həmin il İsveçin əks-kəşfiyyat qurumu SÄPO Stokholma səfəri zamanı onun gizli görüntüsünü çəkdi. Əməliyyatçılar Volfu şəhər küçələrində izləyərək çəkiliş apardılar və sonda teleobyektivlə aydın foto əldə etdilər. İsveç tərəfi əvvəlcə çəkdikləri şəxsin kim olduğunu müəyyənləşdirə bilməmişdi.

Daha sonra Ştazidə baş leytenant rütbəsində çalışan Verner Ştiller ADR-dən Qərbə qaçdı. Ona müxtəlif adamların şəkilləri göstərilərkən Volfun fotosunu görən Ştiller keçmiş rəhbərini tanıdı.

1979-cu ildə Stokholmda çəkilmiş görüntü Almaniyanın nüfuzlu «Der Spiegel» jurnalının üz qabığında yayımlandı. Beləliklə, “Üzü olmayan adam”ın təxminən 30 il davam edən gizliliyi sona çatdı.

Qərbi Almaniya kanslerinin çevrəsindəki agent

Volfun rəhbərlik etdiyi kəşfiyyat xidmətinin mühüm uğurlarından biri 1974-cü ildə üzə çıxdı. Ştazi Qərbi Almaniya kansleri Villi Brandtın yaxın çevrəsinə agent yerləşdirmişdi. Kanslerin köməkçisi kimi işləyən Günter Giyom əslində Şərqi Almaniya kəşfiyyatına xidmət edirdi.

Giyomun casusluğunun aşkar olunması Qərbi Almaniyada böyük siyasi qalmaqala səbəb oldu. Hadisələr nəticəsində kansler Villi Brandt istefa verməli oldu.

“Romeo” agentləri və şəxsi münasibətlər

Volfun kəşfiyyat əməliyyatları arasında “Romeo” adı verilən agent şəbəkəsi də yer alırdı. Bu taktika ilə Şərqi Almaniya xüsusi xidmətləri xarici görünüşü cəlbedici kişi agentlərdən istifadə edirdi.

Onların hədəfi Qərbi Almaniyanın dövlət qurumlarında, hökumət nazirliklərində və NATO qərargahlarında çalışan, məxfi sənədlərə çıxış imkanı olan subay qadın katibələr idi. Agentlər əvvəlcə həmin qadınların etibarını qazanır, sonra qurulan münasibətlər vasitəsilə məxfi sənədlərə yiyələnirdilər. Beləliklə, şəxsi münasibətlər kəşfiyyat işi üçün vasitəyə çevrilmişdi.

Ştazinin xarici kəşfiyyatı Volfun rəhbərliyi ilə dünyanın müxtəlif ölkələrində minlərlə agent və mənbə ilə işləyirdi. Qurulan şəbəkə Qərb dövlətlərinin siyasi, hərbi və diplomatik strukturlarına nüfuz edə bilirdi. Buna görə Volf Soyuq müharibənin ən təsirli kəşfiyyat rəhbərlərindən sayılırdı.

1986-cı ildə vəzifəsini tərk edən Volf Almaniyanın birləşməsindən sonra hüquqi təqiblərlə üzləşdi. Lakin ona qarşı əsas vətənə xəyanət ittihamları sonradan rədd edildi. Müdafiə tərəfi Volfun suveren ADR-in qanunlarına uyğun hərəkət etdiyini bildirirdi. O, yekunda şərti cəza aldı.

Sonrakı illərdə Volf xatirələrini yazdı. Ən tanınmış kitablarından biri kəşfiyyat aləmindəki ləqəbini daşıyan “Üzü olmayan adam” əsəri oldu. Markus Volf 2006-cı ildə Berlində vəfat edib.