QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, heyvanların erkən kəsilməsinin qarşısını almaq və daha yüksək çəkidə kəsimi təşviq etmək üçün ət, dəri və yun məhsullarına subsidiya nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) bildirilib ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatdan keçmiş ixtisaslaşmış intensiv heyvandarlıq təsərrüfatlarında doğulan və ya həmin təsərrüfatlarda azı 6 ay kökəldilən, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlardan alınan ətin tədarükçüyə təhvil verilmiş hər kiloqramı üçün 0,4 manat subsidiya ödənilir. Beləliklə, 600 kiloqram ətə görə subsidiya 240 manat təşkil edir.

Dəri və yun xammalının yerli emal müəssisələrinə verilməsini təşviq etmək üçün iribuynuzlu heyvanın hər dərisinə 3 manat, xırdabuynuzlu heyvanın dərisinə 0,30 manat, yunun hər kiloqramına isə 0,3 manat subsidiya müəyyən edilib.

Bu dəstəkdən yararlanmaq istəyən fermerlər EKTİS-də (www.eagro.az) qeydiyyatdan keçməlidirlər. Onlar istehsal etdikləri ət, dəri və yunun tədarükçüyə və ya emal müəssisəsinə təhvil verildiyini təsdiqləyən elektron qaimə-faktura və ya elektron alış aktını sistemə daxil etməlidirlər. Tədarükçülər də qəbul etdikləri məhsulun növü və miqdarı barədə məlumatları EKTİS-ə əlavə etməklə subsidiya üçün müraciət etməlidirlər.

Sistemə daxil edilmiş sənədlər və məlumatlar digər mənbələrdəki göstəricilərlə tutuşdurulacaq. Uyğun hesab olunan müraciətlər üzrə ödənişləri AKİA həyata keçirəcək.

Dəri və yun yalnız lisenziyalı, rəsmi fəaliyyət göstərən yerli emal müəssisələrinə və ya onların bölgələrdə yaratdığı qəbul-tədarük məntəqələrinə təhvil verilməlidir. Xammal emala yararlı, zədəsiz olmalı, müəssisələrin ilkin saxlama və gigiyena tələblərinə cavab verməlidir. Məsələn, yun müəyyən qədər təmiz və quru, dərilər isə düzgün soyulmuş olmalıdır.

Aqrar Subsidiya Şurasının təsdiqlədiyi mexanizm çərçivəsində 600 kiloqram və daha çox diri çəkisi olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəki üçün 0,40 manat subsidiya da nəzərdə tutulub. Bunun üçün heyvan EKTİS-də bəyan edilməli, ölkədə doğulmalı və ya ən azı 6 ay ölkə daxilində kökəldilməli, identifikasiya və sığortadan keçirilməli, həmçinin qeydiyyatda olan kəsimxanada kəsilməlidir.