QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, yanacaq almağa maddi imkanı çatmadığı üçün Kambocada limanda qalan “Odyssey” kruiz gəmisi ehtiyatını doldurduqdan sonra ölkədən ayrılıb. Gəmidə 203 sərnişin olub.
Preah Sihanuk əyalətinin Turizm Departamentinin rəhbəri Tanq Soçetkresnanın sözlərinə görə, gəmi noyabrın 4-ü saat 00:25-də Sihanukvil Muxtar Limanından çıxıb. Onun bundan sonrakı marşrutu açıqlanmayıb.
ABŞ-nin Florida ştatında fəaliyyət göstərən “Villa Vie Residences” şirkətinə məxsus gəmi oktyabrın 23-də 203 sərnişin və 156 ekipaj üzvü ilə Kambocaya çatıb. Şirkət oktyabrın 27-də yanacaq almağa yetərli vəsaitinin olmadığını bildirdikdən sonra sərnişinlər gəmidən eniblər.
Kamboca rəsmiləri 15 ölkədən olan sərnişinlərə turist vizası verib. Ekipajın bir hissəsi isə ölkəni hava yolu ilə tərk edib.
Şirkət yanacağın qiymətlərinin kəskin bahalaşmasını gəminin fəaliyyətinin dayandırılmasına səbəb göstərib. Bildirilib ki, Asiyanın bəzi ölkələrində bir kabin üçün aylıq yanacaq məsrəfi əvvəlki 1 800 dollardan 6 000–8 000 dollaradək yüksəlib.
“Odyssey” 2024-cü ilin oktyabrında Şimali İrlandiyanın paytaxtı Belfastdan səfərə çıxıb. Dünya turunun üç il yarım davam edəcəyi nəzərdə tutulurdu.