QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirak etdiyi “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, qonaqlar əvvəlcə təlim poliqonunda bölmələrin enerji daşınması ilə bağlı kritik infrastruktur obyektlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərini izləyiblər. Təlimdə ehtimal olunan təhdidlərə, eləcə də asimmetrik qüvvələrdən qaynaqlanan təhlükələrə qarşı görülən tədbirlər nümayiş etdirilib.
Müşahidəçilər tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsini, həmçinin iştirakçıların peşəkarlığını yüksək qiymətləndiriblər.
Daha sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təlimin başa çatması münasibətilə bağlanış mərasimi təşkil olunub. Tədbir üç ölkənin azadlığı uğrunda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iştirakçı dövlətlərin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, təlimdəki sıx əməkdaşlıq və yüksək əzmkarlıq müəyyən edilmiş məqsədlərin uğurla yerinə yetirilməsinə, regional tərəfdaşlığın güclənməsinə töhfə verib. Həmçinin vurğulanıb ki, təlim zamanı əldə olunan nəzəri biliklər və praktiki təcrübə birgə fəaliyyət imkanlarını yeni səviyyəyə qaldıracaq.
Mərasimin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.