QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər çərçivəsində müəyyən şərtlərə cavab verən kiçik sahibkarlıq subyektlərinə mənfəət vergisi üzrə güzəşt tətbiqi planlaşdırılır.

Təklifə əsasən, kiçik sahibkar kimi ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi ötən illə müqayisədə 30 faizdən çox azalmayan subyektlər hesablanmış gəlir (mənfəət) vergisinin 25 faizi qədər güzəşt əldə edə biləcəklər. Mexanizmin beş il müddətində tətbiqi nəzərdə tutulur. Güzəşt üçün vergi ili ərzində əmək münasibətlərinin pozulmaması da tələb edilir.

Dövlət Vergi Xidmətinin bildirdiyinə görə, bu tədbir kiçik sahibkarlığın sabit fəaliyyətinə dəstək vermək, dövriyyənin süni azaldılmasının qarşısını almaq və rəsmi məşğulluğu qorumaq məqsədi daşıyır. Vergi öhdəliklərini vaxtında yerinə yetirən və əmək münasibətlərini qoruyan müəssisələrin dəstəklənməsinin könüllü vergi ödənişlərinə də müsbət təsir göstərəcəyi qeyd olunur.

Dəyişiklik layihəsində verilən nümunəyə görə, bir müəssisənin dövriyyəsi 2026-cı ildə 500 min, 2027-ci ildə isə 700 min manat olub. 2027-ci ildə xərcləri 300 min manat təşkil etdikdə, hesablanmış mənfəət vergisi 80 min manatdır. Müəssisənin dövlət büdcəsinə vergi borcu yoxdursa və əmək münasibətlərini pozmayıbsa, 20 min manat güzəşt tətbiq ediləcək. Beləliklə, ödəniləcək mənfəət vergisi 80 min deyil, 60 min manat olacaq.