QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, informatika müəllimləri üçün “İnformasiya Təhlükəsizliyi” adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb. Nəşrin həmmüəlliflərindən olan informasiya texnologiyaları mühəndisi və tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bunu elmi-pedaqoji fəaliyyəti üçün əhəmiyyətli və qürurverici hadisə kimi qiymətləndirib.
Əliyev müasir şəraitdə informasiya təhlükəsizliyinin təkcə texnologiyaya aid olmadığını, cəmiyyət və rəqəmsal dünya üçün də başlıca prioritetlər arasında yer aldığını bildirib. Onun fikrincə, bu sahədəki bilikləri sistemləşdirmək, öyrənmək və gələcək nəsillərə çatdırmaq xüsusi önəm daşıyır.
Vəsait ümumi təhsil müəssisələrində müəllim hazırlığına və şagirdlərin rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarını inkişaf etdirməyə dəstək üçün tərtib edilib. “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi çərçivəsində hazırlanmış nəşr informatika müəllimləri üçün tədris resursu kimi nəzərdə tutulub.
Layihəyə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi göstərilib. “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” təşəbbüsünü AKTA həyata keçirib. Kitabın təqdimat mərasimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutub.
Səkkiz modulda kibertəhlükəsizliyin əsasları, kiberhücumlar, məlumat və məxfiliyin qorunması, təşkilati təhlükəsizlik, təhsil və karyera, rəqəmsal etika, onlayn münasibətlər, eləcə də insidentlərə ilkin reaksiya mövzuları yer alıb.
Əliyev bildirib ki, nəşrdəki izahlar və nümunələr, müzakirə tapşırıqları və özünü yoxlama sualları müəllimlərin informasiya təhlükəsizliyi üzrə biliklərini möhkəmləndirməyə, onları məktəbdə tədris etməyə kömək edəcək.
O, layihənin ərsəyə gəlməsində iştirak edənlərə minnətdarlığını çatdırıb və yeni vəsaitin informasiya təhlükəsizliyinə maraq göstərənlər üçün faydalı bilik mənbəyi olacağına ümid etdiyini qeyd edib.