QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz müdaxilə qeydə alınıb. Baxış zamanı binanın birinci mərtəbəsindəki giriş qapısının çıxarılaraq şüşə konstruksiya ilə əvəz edildiyi məlum olub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Abidəyə dəymiş ziyanın ödənilməsi və binanın əvvəlki görkəminin bərpası istiqamətində işlər də davam etdirilir. Xidmət vətəndaşları, eləcə də tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsin qorunmasına həssas yanaşmağa və müvafiq qanunvericiliyə əməl etməyə çağırıb.