QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində təşkil olunan U-23 Avropa çempionatında qızıl medal qazanıb. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
50 kq çəki dərəcəsində yarışan Nəzərov həlledici qarşılaşmada Türkiyə təmsilçisi Tevfik Akkası üstələyib. Hakimlərin qərarı ilə 5:0 hesabı qeydə alınıb: 29:28, 29:27, 30:25, 30:27 və 29:26. Bununla boksçu Avropa çempionu olub.
19 yaşlı idmançı ardıcıl üçüncü dəfə qitə birinciliyində ən yüksək pilləyə yüksəlib. O, 2024-cü ildə Poreçdə, növbəti il isə Ostravada çempionluq əldə edib. Nəzərov gənclər arasında ikiqat Avropa çempionu olan yığmanın yeganə üzvüdür.
Azərbaycan millisinin yarışda qazandığı medalların sayı üçə çatıb. Zidan Hünbətov 55 kq, Məhəmmədəli Aşırəliyev isə 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.
39 ölkədən 276 boksçunun iştirak etdiyi turnirdə Nicat Alırzayev (70 kq) da bu gün final görüşünə çıxacaq.