QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Alfred Nobel 1867-ci il noyabrın 25-də dinamitə patent alıb. Onun ixtirası sənayenin inkişafına və hərbi texnologiyaların dəyişməsinə əhəmiyyətli təsir göstərib.
Dinamitin yaranması nitroqliserinlə bağlı idi. Güclü partlayıcı olan bu maddə eyni zamanda qeyri-sabit və təhlükəli idi. Nobel onu diatomitlə birləşdirərək daşınması və istifadəsi daha asan partlayıcı əldə etdi.
XX əsrin ortalarınadək dinamit mədənçilikdə və tikintidə geniş işlədilən partlayıcılar arasında idi. Daha sonra onu ucuz və təhlükəsiz alternativlər əvəzlədi. Hərbi məqsədlərlə isə istehkamların dağıdılmasında və minalama işlərində tətbiq olunurdu.
İxtiraya görə Alfred Nobel və atası 1868-ci ildə nitroqliserinin partlayıcı kimi istifadəsinə verdikləri töhfəyə görə İsveç Kral Elmlər Akademiyasının mükafatını aldılar. Bununla belə, Nobelin fəaliyyəti hər kəs tərəfindən müsbət qarşılanmırdı.
1888-ci ildə Fransa qəzetlərində qardaşı Lüdviqin ölümü Alfred Nobelin ölümü kimi səhv təqdim edildi və onun haqqında nekroloq yayımlandı. Yazılarda Nobel “qan üzərində milyonçu” və “ölüm taciri” adlandırılırdı. Bu hadisə onu insanların yaddaşında necə qalacağı barədə düşünməyə vadar etdi.
XIX əsrin sonlarında Nobel dinamit, nitroqliserin, tüstüsüz barıt olan ballistit və hərbi məhsullar istehsal edən çoxsaylı müəssisələrə sahib idi. O, həmçinin Bakı neft sənayesinin inkişafında mühüm yeri olan Nobel ailəsinin biznesində iştirak edirdi. Adına rəsmiləşdirilən patentlərin sayı 355-ə çatmışdı.
Müharibə sənayesindən varlanan Nobel özünü pasifist sayır, müharibələrin qarşısını almaq yollarını axtarırdı. O düşünürdü ki, son dərəcə dağıdıcı silahların mövcudluğu dövlətləri müharibəyə başlamaqdan çəkindirə bilər. Qarşı tərəfi bir anda məhv etmək gücündə olan silahın təcavüzkarı özünün də məhv olması təhlükəsi ilə üz-üzə qoyacağını və müharibəni mənasızlaşdıracağını zənn edirdi.
Nobel mövqeyini belə ifadə etmişdi: “Müharibə dəhşətlərin ən dəhşətlisi, ən böyük cinayətdir. Elə bir maddə və ya maşın ixtira etmək istərdim ki, onun dağıdıcı gücü müharibəni ümumiyyətlə mümkünsüz etsin”. O, başqa bir açıqlamasında “İki ordu korpusunun bir saniyə ərzində bir-birini məhv edə biləcəyi gün bütün sivil xalqlar dəhşətə gələcək və müharibədən imtina edəcəklər” deyirdi.
Lakin dağıdıcı silahların güclənməsi müharibələri dayandırmadı. Texnologiyalar və silahlar inkişaf etsə də, bəşəriyyət daha dəhşətli qarşıdurmalar gördü; insan həyatının dəyəri isə müharibə aparan tərəflərin qərarlarında hər zaman əsas yer tutmadı.
Ömrünün sonuna yaxın Nobel sərvətinin böyük hissəsini elmə, ədəbiyyata və sülhə xidmət edəcək mükafatların yaradılmasına ayırmağı qərara aldı. 1895-ci il noyabrın 27-də imzaladığı vəsiyyətnamədə kapitalın investisiyaya yönəldilməsini, gəlirin isə hər il bəşəriyyətə ən böyük fayda verən şəxslərə mükafat kimi təqdim olunmasını göstərdi. Mükafatların milliyyət fərqi qoyulmadan verilməsini də vəsiyyətnaməyə daxil etdi.
Alfred Nobel 1896-cı il dekabrın 10-da vəfat etdi. Vəsiyyətnamənin icrası çətinliklərlə üzləşdi: sənəd yayılandan sonra qohumları mirasla bağlı hüquqi mübahisəyə başladı, İsveçdə bəzi siyasətçilər və qurumlar isə sənədi tənqid etdilər. Namizədlərin milliyyətinin nəzərə alınmaması tələbi də narazılıq yaratdı.
Mübahisələrin çözülməsi təxminən üç il davam etdi. Nobel Fondu 1900-cü ilin iyununda rəsmən yaradıldı və mükafatların verilməsi qaydaları müəyyənləşdirildi. İlk mükafatlandırma mərasimi 1901-ci il dekabrın 10-da, Nobelin ölümünün beşinci ildönümündə keçirildi.
Nobel siyasətə və parlamentarizmə şübhə ilə yanaşırdı. Ona aid edilən fikirlərdə demokratiyanın kütlələrin manipulyasiyasına və demoqogiyaya şərait yarada biləcəyi bildirilirdi. O, siyasətçilərin sülhü təmin edəcəyinə inanmır və cəmiyyətin taleyini yalnız siyasi institutlara həvalə etməyi düzgün saymırdı. Həyatının sonunda ümidini görkəmli alimlərə, yazıçılara və ictimai xadimlərə bağlayaraq onların fəaliyyətini dəstəkləyən mükafat sistemi yaratmağa sərvət ayırdı.
Beləliklə, dinamitin ixtiraçısı adını həm dağıdıcı silahla, həm də nüfuzlu elmi və ictimai mükafatlarla tarixə yazdı. Bununla yanaşı, Nobel mükafatlarının ilkin kateqoriyalarında incəsənət nümayəndələri üçün ayrıca bölmə yox idi; musiqi, rəssamlıq və başqa incəsənət sahələri vəsiyyətnamədə qeyd olunmamışdı.
Müasir müharibələrdə də siyasi ambisiyalar, təbliğat və güc nümayişi naminə böyük vəsaitlər silahlanmaya, hücumlara və dağıdıcı texnologiyalara sərf olunur. Krım körpüsünə hücumlar, dronlar və raketlərlə bağlı müzakirələr də bu mənzərəyə daxildir. Bu xərclərin insanların təhlükəsizliyinə, sosial rifahına və ölkələrin gələcəyinə yönəldilməsinin daha faydalı olub-olmayacağı sualı açıq qalır.
Alfred Nobel dinamit vasitəsilə dünyanı müharibədən çəkindirməyə ümid edirdi. Ancaq silahların dağıdıcı gücünü artırmaq sülhü təmin etmir.