QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanda doğulanların gözlənilən ömür uzunluğu 74,9 il hesablanıb. BMT-nin “Dünya Əhalisinin Perspektivləri 2024” hesabatında yer alan məlumata görə, bu, 1950-ci illə müqayisədə 28,6 il çoxdur.

Doğuş zamanı gözlənilən ömür uzunluğu göstəricisi üzrə Azərbaycan 237 ölkə və ərazi arasında 133-cü yerdə qərarlaşıb. 1950-ci ildə ölkədə bu rəqəm 46,3 il olub.

Keçmiş SSRİ respublikaları və qonşu ölkələr nəzərə alındıqda, ən yüksək göstərici Estoniyada qeydə alınıb: 79,6 il. Azərbaycan həmin qrupda 10-cu yerdədir və qonşu ölkələr arasında sonuncudur.

Bu ölkələr üzrə ömür uzunluğundakı artımın ən yüksək olduğu yer İran olub. Orada göstərici 1950-ci ildəki 38,2 ildən 2026-cı ildə 78,2 ilə yüksəlib; artım 40,1 il təşkil edib. Türkiyə 31,1 illik artımla ikinci yerdədir: ölkədə göstərici 47,3 ildən 78,4 ilə çatıb. Azərbaycan 28,6 illik yüksəlişlə üçüncü sıradadır.

Müqayisəyə daxil edilən 17 ölkə arasında Litvada artım ən az olub. Ömür uzunluğu 66,1 ildən 76,5 ilə yüksələrək 10,4 il artıb.

Dünya üzrə orta ömür uzunluğunun 2026-cı ildə 73,8 il olacağı proqnozlaşdırılır. Bu göstərici 1950-ci ildəki 46,4 illə müqayisədə 27,4 il çoxdur.

Reytinqdə Monako 86,7 illə ilk yerdədir. San Marino 86 il, Honkonq 85,9 il, Yaponiya 85,1 il və Cənubi Koreya 84,6 illə ilk beşliyi tamamlayır.

Ən aşağı göstəricilərə malik ölkələr əsasən Afrikada yerləşir. Nigeriyada ömür uzunluğu 55 il, Çadda 55,6 il, Cənubi Sudanda 58 il, Mərkəzi Afrika Respublikasında 58,2 il, Lesotoda isə 58,6 il təşkil edir.

1950-ci ildən sonrakı ən böyük artım Cənubi Koreyada qeydə alınıb: göstərici 22,2 ildən 84,6 ilə yüksəlib. Omanda isə ömür uzunluğu 29,3 ildən 80,7 ilə çataraq 51,4 il artıb.

ABŞ-nin reytinqdəki mövqeyi zəifləyib. 1950-ci ildə 68,1 illə 15-ci olan ölkə 2026-cı ildə göstəricisini 79,8 ilə yüksəltsə də, 64-cü sırada qərarlaşıb.