QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə C korpusu ilə bağlı tələbələrin müraciətindən sonra işçi qrupu yaradıb. Qrup əraziyə baxış keçirəcək, görüləcək tədbirlər isə araşdırmanın nəticələrinə əsasən müəyyənləşəcək.

Abbaszadə bu barədə “Facebook” hesabında yazıb. O, rektor kimi ilk iş həftəsində universitetin inzibati və akademik heyəti ilə tanış olduğunu, həmçinin prorektorlar və dekanlarla ümumi görüş keçirdiyini bildirib. Görüş zamanı BDU-nun gələcəyi və onun qurulmasında hər kəsin üzərinə düşən məsuliyyət müzakirə olunub.

Rektor universitetin keçmiş nəsillərdən qalan tarixini və nüfuzunu üstünlük adlandıraraq, bu irsi qoruyub inkişaf etdirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, BDU-nun nüfuzu təhsilin səviyyəsi, elmi araşdırmaların nəticələri, akademik dürüstlük və məzunların fəaliyyəti ilə təsdiqlənməlidir.

Abbaszadə Nəsirəddin Tusinin öyrənmədə ardıcıllıq və əzmkarlığın əhəmiyyəti barədə fikirlərini xatırladıb. O, tələbələr üçün sual vermək, cavabları müstəqil şəkildə axtarmaq və tədqiqatlarda iştirak etmək imkanlarının yaradılmasını vacib sayıb. Rektor müəllimlərin tələbkarlığı ilə yanaşı, tələbələrə hörmət və qayğı göstərməsinin də önəmini qeyd edib.

Dekanların fakültələrinin akademik rəhbərləri kimi çıxış etməli olduğunu bildirən rektor təhsil proqramlarının vəziyyətinin, dəstəyə ehtiyacı olan tədqiqatların və müəllimlərlə gənc alimlərin inkişaf imkanlarının qiymətləndirilməsini vacib hesab edir. Tələbələrin fikirlərini öyrənmək və fakültələrin beynəlxalq akademik əlaqələrini genişləndirmək də bu məsuliyyətə daxildir.

O, yaxın vaxtlarda fakültələrin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi imkanları barədə obyektiv mənzərə formalaşdırmaq niyyətində olduğunu deyib. Bunun üçün həmkarlarından dürüst və peşəkar təhlil gözlədiyini, problemləri vaxtında müəyyənləşdirib həlli ilə bağlı təkliflər verməyin rəhbər məsuliyyətinin tərkib hissəsi olduğunu bildirib.

Rektorun açıqlamasına görə, tələbələr bu həftə sosial şəbəkələrdə C korpusu ilə bağlı müraciət ediblər. İşçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun tədbirlər görüləcək. Abbaszadə məsələni gündəmə gətirən tələbələrə təşəkkür edib.

Bir neçə gün əvvəl C korpusunda oxuyan tələbələr yeni rektora şikayətlərini çatdıraraq, binanın ətrafındakı obyektlərdən gələn səs-küyün dərslərin keçirilməsinə mane olduğunu bildiriblər.