QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, təhsil eksperti Elşən Qafarov qiymətləndirmə sisteminin yenilənməsinə, buraxılış və qəbul imtahanlarının birləşdirilməsinə, ayrıca blok imtahanlarının isə dayandırılmasına çağırıb.
Qafarovun sözlərinə görə, məktəblərdə tədris olunan proqramlarla Dövlət İmtahan Mərkəzinin qəbul proqramları uzlaşdırılmalıdır. O bildirib ki, mövzular bənzər olsa da, onların tədris yanaşması və çətinlik səviyyəsi fərqlənir. Ekspert bu uyğunsuzluğu təhsil sisteminin əsas problemlərindən biri sayır. Onun fikrincə, vəziyyət repetitorluğun yayılmasına, məktəblərə etimadın zəifləməsinə və təhsil barədə mənfi fikirlərin yaranmasına gətirib çıxarır.
Ekspert qəbul imtahanlarında açıq sualların artırılmasını, abituriyentlərin analitik düşüncə və yaradıcılıq qabiliyyətlərinin, həmçinin yazılı və şifahi nitq bacarıqlarının ölçülməsi üçün yeni üsulların tətbiqini vacib hesab edir.
Qafarov təklif edib ki, buraxılış imtahanlarının əhatəsi genişləndirilsin və ali məktəblərə qəbul həmin imtahanların nəticələrinə əsaslansın. İmtahanların dərs ili bitdikdən sonra, iyunda təşkili nəzərdə tutula bilər. Məcburi fənlərlə yanaşı, abituriyentlərin seçdikləri ixtisas sahəsinə uyğun könüllü fənlərin də imtahana salınması mümkündür. Ekspert bu modelin beynəlxalq təcrübədə də tətbiq olunduğunu qeyd edib.
O, beynəlxalq imtahan nəticələrinin tanınması səlahiyyətinin ayrı-ayrı ixtisaslar üzrə universitetlərə verilməsini də təklif edib. Bu halda ali təhsil müəssisələri həmin nəticələr əsasında qəbul həyata keçirə bilər. Ekspertin qənaətincə, yanaşma universitetlərin səlahiyyətlərinin mərhələli şəkildə artırılmasına və beynəlxalq təcrübənin tətbiqinə şərait yaradacaq.
Qafarov ümumtəhsil məktəblərində həftəlik dərs saatlarının azaldılmasının vacibliyini də vurğulayıb. Onun təklifinə əsasən, 10-11-ci siniflərdə dərs yükü 25-27 saatı, 5-9-cu siniflərdə 25 saatı, 5-6-cı siniflərdə 22-23 saatı, ibtidai siniflərdə isə 17-18 saatı aşmamalıdır. Azaldılan vaxtın əvəzinə şagirdlərin intellektual inkişafına və gündəlik həyatda lazım olan bacarıqlarına yönələn dərsdənkənar məşğələlər artırıla bilər.
Ekspert əsas dəyişikliklər kimi məktəb və qəbul proqramlarının uyğunlaşdırılmasını, buraxılış və blok imtahanlarının vahid modeldə birləşdirilməsini və imtahanların iyunda keçirilməsini göstərib.