QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Naxçıvan şəhərində Gələcəyin Peşələri Sammiti keçirilib. Tədbirdə insan kapitalının inkişafı və gələcəyin peşələri ilə bağlı məsələlər dövlət, özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşların iştirakı ilə müzakirə olunub.

Nazir Anar Əliyev peşə hazırlığı sisteminin müasir tələblərə uyğunlaşdırılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və gənclərin peşə seçiminə dəstək istiqamətində görülən işlərdən danışıb. O, gənclərin gələcək əmək bazarının tələblərinə hazır olmasının vacibliyini də diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov muxtar respublikanın strateji inkişaf prioritetlərini açıqlayıb və bu hədəflər üçün ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini vurğulayıb.

Sammitdə “İmkanları dəyərə çevirək” paneli və “Gələcəyi birlikdə qururuq” adlı vörkşop keçirilib. Həmçinin “Birlikdən formalaşan gələcək” və “İnsan kapitalı: gələcəyin ən böyük sərmayəsi” mövzularında məruzələr təqdim olunub.