QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Bundan sonra quruma kimin rəhbərlik edəcəyi müzakirə mövzusuna çevrilib, yeni sədr postu ilə bağlı müxtəlif namizədlərin adı çəkilir.
Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, DİM-in rəhbəri təhsil sahəsini yaxşı bilən, idarəçilik təcrübəsi olan və konkret nəticələr əldə etmiş şəxs olmalıdır.
Nurəliyev Məleykə Abbaszadənin mərkəzə rəhbərlik etdiyi dövrdə tətbiq etdiyi idarəçilik yanaşmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Abbaszadənin şəffaflıq, obyektivlik, doğruluq və dürüstlük prinsiplərinə sadiqliyi danılmazdır.
Ekspert bu təcrübənin BDU-da da davam edəcəyinə ümid etdiyini bildirib. O, universitetdə son vaxtlar gündəmə gələn, korrupsiya ilə bağlı məsələlər də daxil olmaqla, problemlərin aradan qaldırılmasını və bu cür hallara son qoyulmasını gözlədiklərini deyib.
DİM-də builki qəbul imtahanlarının ciddi dəyişikliklər olmadan keçiriləcəyini düşünən Nurəliyev, mümkün yeniliklər arasında imtahanların asanlaşdırılmasını müsbət addım sayıb. Onun fikrincə, qəbulun beş-altı fənn üzrə aparılması müsbət təəssürat yaratmır. Ekspert beynəlxalq təcrübədə universitetə qəbulun daha əlçatan, ali təhsilin isə daha çətin və tələbkar olduğunu qeyd edib və yeni rəhbərliyin bu istiqamətdə tədbirlər görəcəyinə ümid bəslədiyini söyləyib.
Ramin Nurəliyev DİM sədri postuna Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovla Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun mümkün namizədlər kimi nəzərdən keçirilə biləcəyini deyib.
Ekspertin sözlərinə görə, Qasımov rəhbər vəzifələrdə işləyib, elm və təhsil nazirinin müavini olub. O, Bakı Ali Neft Məktəbinə rəhbərlik etdiyi müddətdə müəssisənin sıfırdan yaradılaraq inkişaf etməsinə və cəmiyyətdə nüfuz qazanmasına töhfə verib.
Nurəliyev Əzizovun Sumqayıt Dövlət Universitetində çalışarkən korrupsiya problemlərinin həlli üçün mühüm addımlar atdığını düşündüyünü bildirib. Əzizovun ADNSU-ya rəhbər təyin edilməsindən sonra universitetin inkişafının aydın göründüyünü deyən ekspert, beynəlxalq reytinqlərdəki irəliləyişi də onun fəaliyyəti ilə əlaqələndirib.
Nurəliyev bu iki şəxsdən birinin DİM-ə rəhbər gətirilməsinin qurumun işinin və əldə etdiyi nailiyyətlərin davamına töhfə verə biləcəyini bildirib. O, yeni sədr vəzifəsində məhz Əzizov və ya Qasımovdan birini görmək istədiyini söyləyib.