QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, xalaoğlu Elşad Bayramovu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin yekun iclasında hökm elan olunub. Səid Babazadəyə 1 il 6 aylıq sınaq müddəti müəyyən edilməklə 3 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. Prokuror onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə 2026-cı il martın 27-də Sabunçu rayonunda qeydə alınıb. Səid Babazadə xalası oğlu Elşad Bayramovla yas mərasimində olarkən gənclərlə söhbət əsnasında gülüb. Bayramov buna görə ona iradını bildirib.

Aralarında baş verən mübahisə zamanı Babazadə Bayramovu döş qəfəsindən bıçaqlayıb və ona ağır xəsarət yetirib. Hadisə ilə bağlı cinayət işi başlanıb. Babazadə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunub. Onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.