QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin “Bir başkadır” serialı altı illik fasilədən sonra yeni mövsümlə tamaşaçıların qarşısına çıxıb.

Mövsümün diqqətçəkən yeniliklərindən biri ekran əsərinin rejissoru və ssenaristi Berkun Oyanın aktyor heyətinə qoşulmasıdır. O, serialda baş komissar Muzaffer obrazını oynayır.

Oyanın həyat yoldaşı, aktrisa Funda Eryiğit də layihədə yer alıb və Ruhiye rolunu canlandırıb. Cütlüyün hər ikisinin yeni mövsümdə eyni serialda çəkilməsi diqqət çəkib. Mövsüm noyabrın 12-də yayımlanıb.

Berkun Oya ilə Funda Eryiğitin tanışlığı serialın ilk mövsümünün çəkilişləri vaxtı başlayıb. Onlar aktyor seçimi prosesində tanış olduqdan sonra münasibət qurublar. Təxminən iki il yarım birlikdə olan cütlük 2023-cü ilin martında evlənib.

Həmin ilin mayında onların Civan adlı oğlu dünyaya gəlib. Oya və Eryiğit bundan əvvəl “Cici” filmində də birgə çalışıblar.