QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Milli Məclisə təqdim olunan dəyişikliklər qəbul edilərsə, uyğun proqram təminatı quraşdırılmış mobil telefonlardan POS-terminal kimi yararlanmaq mümkün olacaq. Bu barədə deputat Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, yenilik mikro və kiçik sahibkarlar üçün xüsusilə əhəmiyyət daşıyır. Belə olduqda ödəniş qəbul etmək üçün ayrıca POS-terminal almağa ehtiyac qalmayacaq, sahibkarların əlavə məsrəfləri azalacaq və nağdsız ödənişlərin təşviqi üçün yeni imkan yaranacaq.
Vüqar Bayramov bildirib ki, qanun layihəsində elektron ticarət qaydalarının yenilənməsi, ödəniş üsullarının təkmilləşdirilməsi və müqavilələrin elektron formada təsdiqi də yer alır.
Deputat hesab edir ki, nəzərdə tutulan dəyişikliklər elektron ticarət dövriyyəsinin artmasına, sahibkarlığın asanlaşmasına və rəqəmsal iqtisadiyyatın inkişafına dəstək verəcək.