QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda geniştərkibli görüş keçiriblər. Tsahkna paytaxtda səfərdədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yayılan məlumata görə, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı üçün imkanlar, eləcə də regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.

Nazirlər qarşılıqlı səfərlərin və təmasların artmasını müsbət qiymətləndiriblər. Onlar siyasi dialoqun möhkəmləndirilməsi, XİN-lər arasında siyasi və konsulluq məsləhətləşmələrinin müntəzəm davamı, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bayramov estoniyalı həmkarını 2026-cı ildə Estoniyanın Azərbaycandakı səfirliyinin fəaliyyətə başlaması münasibətilə təbrik edib. Onun sözlərinə görə, diplomatik nümayəndəliyin işi iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə, siyasi dialoqun genişlənməsinə və əməkdaşlığın institusional əsaslarının güclənməsinə xidmət edəcək.

Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı da diqqət mərkəzində olub. Tərəflər noyabrın 4-də Azərbaycan-Estoniya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının rolunu vurğulayıb, növbəti toplantının yeni əməkdaşlıq istiqamətləri üçün imkan yaradacağını bildiriblər. Nəqliyyat, rəqəmsallaşma və təhsil sahələrində, eləcə də digər istiqamətlərdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi, regiondakı son hadisələr və sülh gündəliyinin irəli aparılması üçün görülən tədbirlər barədə məlumat verib.

O, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı üçün görülən tədbirlərdən, mina təhlükəsinin yaratdığı davamlı humanitar çətinliklərdən danışıb.

Tərəflər beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də ortaq maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıblar.