QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İtaliyada altı mindən çox məktəbə partlayış təhlükəsi barədə xəbərdarlıqlar eyni mənbədən göndərilib. İstintaq orqanlarına yaxın mənbələrin məlumatına görə, bu barədə “Radio-1” radiostansiyası xəbər yayıb.

Araşdırma zamanı göndərişin konkret şəxs və ya təşkilat tərəfindən deyil, kiberhücum nəticəsində həyata keçirildiyi müəyyən olunub. Mesaj Tayvandakı universitetlərdən birinə məxsus elektron poçt ünvanından yollanıb. Həmin ali məktəbin məzunu Lyu Fantszyunun vaxtilə açdığı hesabın sındırıldığı bildirilib.

İtaliyanın Baş naziri Corcia Meloni xəbərdarlıq göndərilən məktəblərin heç birində partlayıcı qurğu aşkar edilmədiyini açıqlayıb. Xüsusi xidmət orqanlarının rəhbərlərinin qatıldığı təcili müşavirədən sonra rəsmi sosial media hesablarında paylaşım edən Meloni bildirib: “Hazırda real təhlükəyə işarə edən heç bir siqnal yoxdur, bu mesajlar isə yalnız təşviş, qorxu və şübhə yaratmaq məqsədi daşıyır”.